DEKORATİV VƏ TƏTBİQİ SƏNƏTLƏR

2014-01-14 23:47:00
DEKORATİV VƏ TƏTBİQİ SƏNƏTLƏR |  görsel 1
Dekorativ-tətbiqi sənət əsərləri növlərinə xalçaçılıq, batika (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və s. aiddir. Dekorativ-tətbiqi sənətə el arasında “Xalq sənəti” də deyilir. Xalq sənəti - xalqın əməyi sayəsində yaranıb onun həyatını təmin edən və özündə xalqın bədii zövqünü əks etdirən təsviri və tətbiqi sənətə deyilir. 
 
Xalçaçılıq
 
Azərbaycan xalçaçılıq sənəti - bədii yaradıcılığın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı çoxəsrlik ənənələri olan ən maraqlı sənətdən biridir. Azərbaycanda Qarabağ, Qazax, Gəncə, Təbriz, Şirvan, Abşeron və Quba kimi böyük xalçaçılıq məktəbləri olmuşdur. 
 
Batika (Kəlağayı)
 
Batika – qədim sənət növü olub, kəlağayı mənasını verir. Kəlağayı - ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu.
Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “Saya buta” , “Xırda buta” çeşidlərindən daha çox istifadə olunmuşdur . “Heyratı”, “Soğanı”, “İstiotu “, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır. 
Hazırda kəlağayı toxuculuğu işini davam etdirən sülalələr çoxdur. Şəki şəhərində Şamilovlar nəsli bu sənətin mahir ustası sayılır. 
 
Qobelen
 
Qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir.Qobelen dünyada geniş yayılmış, Azərbaycanda isə qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Dünyada məşhur olan bu sənət XII əsrdə ərəblər tərəfindən inkişaf etdirilmiş və tədricən bir çox Şərq ölkələrinə yayılmışdır. Qobelen o dövrlərdə türk xalqlarının da çox işlətdiyi lazımlı məişət əşyası olmaqla yanaşı, kübarlığın rəmzi olaraq varlı insanların evlərində geniş yer alan dekor vasitəsi, saraylara, qəsrlərə ecazkar gözəllik bəxş edən sənət nümunəsi olmuşdur. 
Qobelenin hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir. 
 
Toxuma və bədii tikmə
 
Bədii tikmə üçün yerli ipək və yun saplardan və yerli basmaqəliblərdən istifadə olunmuşdur. Boyama üçün bitki mənşəli boyayıcılar işlədilmişdir. 
Bədii tikmələrdə quşları təsvir etməyə üstünlük verirlər. Bədii tikmələrdə tez-tez rast gəlinən cüt quş təsvirləri dekorativ-tətbiqi incəsənət məmulatlarında ən qədim və sevilən motivdir. 
Bədii tikmə növündən ən geniş yayılmış forması piləktikmədir. Piləktikmə-bədii tikmənin geniş yayılmış növlərindən biridir. Metal parçalarından (dəmir, bürünc, gümüş, qızıl) dairəvi formada nazik kəsilmiş pilək ipək pərdələrin, ayna örtüklərinin, xüsusən yelpiklərin üzərinə bənd edilir, müxtəlif formalı nəbatı və həndəsi ornamentlər əmələ gətirir. Belə tikmələrdə bədii bəzək tərtibatı əsas şərtlərdəndir. Piləkdən Yaxın Şərq, Orta Asiya, habelə Azərbaycanda (Şuşa, Gəncə, Şamaxı, Naxçıvan, Bakı, Nuxa (indiki Şəki) şəhərlərində geniş istifadə edilib.
 
Bədii şüşə
 
Bədii şüşə - dekorativ əşyaların, vitrajların interyerdə öz əksini tapmasıdır. Təsviri sənətin qədim nümunələri arasında Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir. 
 
Bədii oyma: ağac, metal, daş, sümük üzərində oyma
 
Bədii oyma - dekorativ sənətin ən qədim və ən geniş yayılmış növlərindən biridir. Daş, ağac, sümük və başqa materiallar üzərində işlənir. Azərbaycanın ən qədim məskənlərində olan (Qobustan, Gəmiqaya və s.) daş üzərində oymaları bədii oyma sənətinin ilkin nümunələri kimi göstərmək olar.
 

16
0
0
Yorum Yaz